KOMA.
Qəza baş verəndə hiss etdi ki, bu əvvəlkilərə bənzəmir, başa düşdü ki, hər şey bitib. Kiməsə nəsə demək istədi, amma yanında heç kim yox idi. Nə demək istədiyini bilmirdi, sadəcə kiməsə bir söz demək ehtiyacı hiss etdi son dəfə. Bünları bir neçə saniyə içində fikirləşdi və...
Hospitala yalnız bacısı gəlmişdi, arvadına da zəng edib demişdilər, amma hələ gözə dəymirdi. Bacısı ondan beş yaş kiçik idi, qardaşı haqqında danışılanlar gəlib qulağına çatırdı. Onun necə adam olduğunu da yaxşı bilirdi, amma nə də olsa qardaşı idi, indi burda oturub gözləyərkən dua edirdi ki, ona heç nə olmasın. Həkimlər xəstənin komaya düşdüyünü və ayılmaq şansının çox az olduğunu deyəndə bacısı düşündü ki, görəsən komaya düşmək necə olur?
İndi o, öz iş otağında idi, iri cüssəsini yumşaq və təzə kreslosuna yaxaraq oturmuşdu. Stolun üstündə nazirin yazdığı kitab və kiçik bir dua kitabçası var idi. "Bəlkə namaz qılmağa başlayım?!" deyə fikirləşdi. Qəza haqda düşünürdü, yəqin yenə nahardan sonra mürgüləyib və bütün bunları yuxuda görüb .
Bir də baxdı ki, otaqda tək deyil, özündən başqa 15-20 adam var. Bunlar kimdir, niyə gəliblər? "Bəlkə keçən il ixtisar adı ilə işdən çıxartdığım işçilərdir? Bu axmaqlar nədənsə duyuq düşüb yəqin."
Heç kim danışmırdı, hamı kefsiz halda gözünü ona dikib dayanmışdı. Ona elə gəldi ki, bu adamları hardasa görüb, tanıyır. Gözünə ilk sataşan sarışın və qamətli xanımı xatırlamağa çalışdı, yaddaşındakı qadın sifətləri bir-birinə qarışdı. Həyatından o qədər qadın gəlib keçmişdi ki, çoxu da sarışın olub.
Yadına düşdü ki, bu qadın işçisi olub bir vaxtlar. İşə gələn gündən xoşu gəlirdi ondan, tez-tez bir bəhanə ilə otağına çağırırdı. Nəhayət səbri tükənəndən sonra fikrini olduğu kimi qadına dedi və rədd cavabı aldı. Səhəri gün onu işdən azad etdi, rədd edildiyi qadın işçiləri bir bəhanə ilə işdən qovmaq adəti idi. Elə sarışın gözəlin də daha burda qalmaq fikri yox idi.
Otağın küncündə dayanan bu cılız kişini də xatırladı. Bu kişi müharibədə ermənilərə əsir düşmüşdü. Yazığın başına nə oyun gətirmişdilərsə, geri qayıdanda ürəkkeçməsi var idi, tez-tez özündən gedirdi. Aldığı maaşı da müalicəsinə xərcləyirdi. Onu daim dəniz kənarında yerləşən üçmərtəbəli bağ evinin həyətində işlədərdi. İşini itirəcəyindən qorxan kasıb və xəstə adam ən pis havalarda belə ona yox deməkdən qorxardı. Bir dəfə güclü qar yağmışdı, bağdakı evin pilləkənlərini qardan təmizləyəndə yenə özündən getdi. Bir az sonra yağmağa başlayan qar yerə uzanıb qalmış kişinin üstünü örtdü, sanki onun üşüməsini istəmirdi. Səhəri gün onu həyətdə qar topasının altından tapdılar. Donub qaxaca dönmüşdü.
Bu adamların arasında incitdiyi, təhqir edib ağlatdığı, bezdirib ərizəsini yazdırdığı başqa qadınları da gördü. Bıy, arvadı da burdadır ki, onun burda nə işi var? Neçə vaxtdır küsülüdürlər, bir yerdə keçən ömürlərinin yarıdan çoxunu küsülü olmuşdular. O, arvadının üzünü bəzən aylarla görməzdi. Bağa köçər, orda məşuqələri ilə vaxt keçirərdi. Nə vaxt qızı üçün darıxdığını hiss etsə şəhərə evə qayıdardı. Əvvəllər evə qayıtdığı gün qırğın qopardı, sonralar arvadı buna öyrəşdi və ona o qədər nifrət edirdi ki, heç evə dönməsini də istəmirdi. Düşünürdü ki, vaxtlı-vaxtında normal yaşaması üçün lazım olan qədər pul versin və cəhənnəm olub hara gedir getsin.
Axı niyə bu insanlar bu gün burdadır, ondan nə istəyirlər? Niyə ona belə qanlı-qanlı baxırdılar? Budur, indi də ona sarı irəliləyirlər. Ürəkkeçməsi olan xəstə kişi irəli keçib onu boğmağa başladı, onda bu qədər güc hardan idi axı? Kişi onu var gücü ilə boğurdu, nəfəsi kəsilmişdi, amma gücünü toplayıb onun əlindən birtəhər çıxdı. İndi də otaqdakı qadınlar üstünə düşmüşdü, hamısı bir yerdə onu döyürdülər. Bu nə amansızlıqdı belə, heç yazıqları gəlmirdi ona. Qışqırmaq istəyirdi ki:" Sizə neyləmişəm, məndən əl çəkin." Amma səsi çıxmırdı, danışa bilmirdi. Çox zəifləmişdi, "yəqin elə bu arvadların əlində öləcəm" deyə düşündü.
Tükənməkdə olan son gücünü toplayıb qadınların əlindən çıxdı, güclə özünü qapıya çatdırdı, bayıra atıldı. Var gücü ilə qaçırdı və necə oldusa bir gölün kənarına gəlib çıxdı. Aşağı əyilib üzünü yumaq istəyirdi ki, arxadan kimsə onu gölə atdı, başını sudan çıxarıb baxanda keçmiş qonşusunu tanıdı. Bu həmin ev ustası idi, işləməkdən kobudlaşmış iri əlləri ilə onun piy basmış boynundan yapışıb suya basırdı. Uzun illər əvvəl şəhərdəki evlərindən birini həmin bu ustaya təmir etdirmiş və zəhmət haqqının çox az bir hissəsini vermişdi. Bəhanəsi bu olmuşdu ki, evi pis təmir etmisən, ona görə də pulunu kəsirəm.
Usta onu suda boğurdu, deyəsən məqsədi öldürmək idi. Üç ay gecə-gündüz işləyib alacağı pulla xəstə uşağını müalicə etdirmək istəyən usta ailəsinin yanında üzüqara qalmışdı. İllərdi ki, belə bir məqam axtarırdı, indi onu suda boğub öldürməliydi. Deyəsən bu son idi, o bir neçə dəfə çabaladı və yavaş-yavaş sakitləşməyə başladı. Daha müqavimət göstərmirdi, ya gücü qalmamışdı, ya da bezmişdi bu vurhavurdan.
Həmişə elə bilirdi ki, yaşamağı, həyatdan zövq almağı bacarır. Bəzən dostlarının yanında öz həyat tərzilə öyünürdü- gəzib dolaşdığı qadınların, qazandığı pulların çoxluğunu onlara hiss etdirirdi. Bəzən işə yanına gələn dostlarının, qohumlarının yanında qadın işçilərini incidib təhqir edir və bununla fəxr edirdi. İnsanları alçaltmaqdan aldığı zövq hissi ona hədsiz dərəcədə əyləncəli görünürdü.
İndi bütün bu zövqlərsiz, sadə və maraqsız bir həyat üçün də geri qayıtmağa razı idi, təki yaşasın. Amma artıq gec idi, düşdüyü bu yerdən və nə vaxtsa incidib əzab verdiyi insanların əlindən can qurtarmaq çətin idi. Görəsən onlar nə vaxtsa onu bağışlayacaqdılarmı? Ehh, bundan sonra bunun əhəmiyyəti də yoxdur. Hər şey cəhənnəm olsun.
Həkim koridorun o başında oturmuş qadının yanına yaxınlaşırdı, bu qısa yolu uzatmağa çalışırdı ki, lazım olan sözləri axtarıb tapsın. Bacısı isə ona tərəf gələn həkimin ağır yerişindən artıq hər şeyi başa düşdü. Həkimin söylədiyi sözləri sakitcə dinlədi, elə eyni sakitliklə də bir az ağladı. Səs-küy salmadı, qışqırıb saçını yolmadı. Fikirləşdi ki, yəqin qismət beləymiş, əcəli çatıbmış və.s.
Arvadı yalnız bir dəfə yas yerinə gəldi. O, bir az kədərlənsə də, özündə qəribə bir yüngüllük hiss edirdi. Ərinin şəhərin ən yaxşı yerlərində bir neçə evi vardı, fikirləşirdi ki burdan çıxan kimi maklerlə danışıb evləri kirayə versin.
Congratulations @taranaq19 ! You received a 10% upvote from @kryptoniabot & @kryptonia for your task of 200 SUP Today.
Remember to receive votes from @kryptoniabot
Run a task on Kryptonia.*Join free here Kryptonia Account
Use the tags KRYPTONIA or SUPERIORCOIN in your Steemit post.
Delegate to the Kryptonia Upvote by clicking links: 10SP , 50SP , 100SP , 500SP , 1000SP
Due to an increased amount of tasks, we have changed up the voting power to evenly spread out the Upvote amount.